17.12.2024

Xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə inklüziv tədbir təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə “Yeni ilin sehrli ulduzları” adlı inklüziv mədəni tədbir təşkil edilib. 

Tədbirdə Agentliyin Sosial Xidmət Mərkəzlərində sosial reabilitasiya proqramına cəlb olunan uşaqlar və onların valideynləri, eləcə də valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrinin sakinləri iştirak ediblər. 

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Vüqar Əliyev çıxış edərək iştirakçıları 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. 

Həssas kateqoriyadan olan şəxslərə, o cümlədən xüsusi qayğıya ehtiiyacı olan uşaqlara göstərilən dövlət dəstəyindən danışılıb. 

Sonra Sosial Xidmət Mərkəzlərinin “Parla” inklüziv-mədəni kollektivi, 1 saylı uşaq evi sosial Xidmət müəssisəsinin “Azəri mahnı və rəqs”  kollektivi, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Sədəf” Xalq Çalğı Alətləri ansamblı və “Uşaq Folklor Mahnı-rəqs ansamblı”nın ifalarında müxtəlif rəqs, musiqi, bədii qiraət nümunələri təqdim edilib. 

Tədbirin məqsədi bu kateqoriyadan olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası, asudə vaxtlarının səmərəli təşkilidir.