Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Yasamal Sosial Xidmət Mərkəzinin mütəxəssisləri tərəfindən sosial-psixoloji reabilitasiya proqramına cəlb olunan uşaqların valideynləri üçün təlim təşkil edilib.
“Ailədaxili münasibətlərin uşaq psixologiyasına təsiri” mövzusuna həsr olunan tədbirin məqsədi valideynlərə uşaqların düzgün inkişafı prosesində dəstək olmaqdır.
Görüş zamanı mütəxəssislər uşaqlarla ünsiyyətin düzgün qurulması, ailədə qayğı ilə əhatə olunma hissinin formalaşdırılması və uşaqların tərbiyəsində diqqət edilməli məqamlardan danışıblar. Həmçinin uşaqların yaş xüsusiyyətləri, ailə tərbiyə üslubları ilə bağlı müzakirələr aparılıb.
Çıxışlarda uşaqlara diqqət və qayğının daha da artırılmasının, onların sağlam və təhlükəsiz mühitdə inkişafının vacibliyinə diqqət çəkilib.